10
Mart

Bağışla … [ Yarım qalan məktub ]

   Автор: apathy    Категория: Yazdım ki...

bağışla ...Bugün illər öncə geridə qoyub getdiyim körpəylə qarşılaşdım … Niyəsə , həmişə onunla üzbəüz gəlməkdən çəkinmişəm , amma bunun səbəbini özümə heç vaxt açıqlaya bilməmişəm , qaçmışam daim öyrəşdiyim sualların öyrəşdiyim cavablarından … Amma bu dəfə alınmadı , tənhalığımın təkidi illərdi içimdə gömdüyüm bu körpəni oyatdı … Bu həyatımda ən çox arzuladığım və ən çox qorxduğum görüş idi … Bu nə gunahların cavabı , nə vicdanın dərsi , nə də ki sevdiyin birilərini itirmək qorxusuna bənzəyirdi … Heç arzuya da bənzəmirdi , sanki həyatın boyu xəyallarında yaratdığın birini görmək arzusuyla yaşayırsan , amma eyni zamanda da onunla qarşılaşıb xəyal qırıqlığına uğramaq istəmirsən … Qəribədir , amma həyəcanımı sezib anlayışlı davranmışdı – mənə məktub buraxmışdı … Niyə də qəribə olsun ki , içimdə mənimlə hələ də bir ömür sürəndən başqa kim məni belə anlasın ki …

“  Dünyaya necə gəldiyim yadımda deyil , amma anam deyir ki , atamla o bir–birini sevdi , Allah baba da məni onların sevgisinə hədiyyə olaraq leyləklə göydən  göndərdi … Düzdü , gah da dovşan deyirlər , amma ən çox leylək , hə , yəqin elə o gətirib , yəqin budur doğru cavab , axı böyüklər bizə yalan danışmaz heç vaxt , onlar bizi çox sevir … Mən də bir gün böyüyəcəm , mənə də uşaq hədiyyə edəcəklər , mən də onu çox sevəcəm … Tez böyümək istəyirəm … .. .

Sevgi demiş , bu sualı tez-tez verirəm onlara … Buna da cavabları çox vaxt fərqli olur , amma anam o gün dedi ki : “Atanla mən – sevgiyik “ … Anam həmişə atama çay süzəndə birinci dadına özü baxır ki , birdən acı alınar … Atam isə bizə gətirdiyi şirnidən həmişə anama da verir … Deyirlər , böyüyəndə mən də sevəcəm … Ey , dünən anladım ki , mən böyüməmiş də sevirəm … Bax , bu sirri ancaq səninlə bölüşürəm haa , heç kimə demə … Qonşuluqda bir qız var , elə mənim boyda … Anam mənə pendir-çörək düzəldəndə , həmişə tez qaçıb ona aparıram … Çox xoşlayır pendiri , elə mən də ancaq pendiri yeyirəm , ancaq o bilməsin deyə , təkcə çörəyi xoşladığımı deyirəm … Uşaqlarla top oynayanda həmişə mənə baxıb gülümsəyir , sonra utanıb qızların yanına qaçır … Deyəsən o da məni sevir , amma heç vaxt soruşmuram ondan … Görəsən , soruşmalıyam ? Ey , bəlkə sən bilərsən ? Nə isə , həm də ki , axı bu nəyə lazım … Amma bilirəm , o da məni sevir , biz də bir gün bir evdə qalacıq , lap anamla atam kimi … Tez böyümək istəyirəm … .. .

Həyətimizdə mənim boyda çoxlu uşaqlar var … Hər gün yeni oyunlar oynayırıq , bir yerdə çox əylənirik … O gün hamısı balaca maşınlarıyla yarış keçirirdi , mənim isə maşınım yox idi deyə qıraqda durmuşdum … Amma anam deyir ki , onlar mənim dostlarımdı və məni çox istəyirlər … O haqlı idi , atam mənə top alandan sonra onlar hamısı mənimlə oynamağa başladı … Anam deyir ki , mən böyüdükcə dostlarımda çoxalacaq … Tez böyümək istəyirəm … .. .

Dünən göydə sürətlə uçan yekə bir quş gördük … Atam deyir ki , o təyyarədir , quş deyil , amma insanları uçurdur … Müharibədə də istifadə edilirmiş … Müharibə demiş , bilmirdim , bunu da yeni öyrəndim … Əslində pis şeydir : evlər dağılır , uşaqlar ölür , kiminsə atası , kiminsə anası … Əyər belədirsə , onda onlar niyə vuruşur ? Sən bilmirsən ? Hə ? Atam deyir ki , insanlar sülh uğrunda müharibə edir … Elə o gündən kağızdan təyyarə və tapanca düzəltməyi də öyrəndim … Beləcə , uşaqlarla müharibəyə aid yeni oyunlar da kəşf etdik … Amma bir gün əsl təyyarəyə minib , əsl tapanca tutacam … Tez böyümək istəyirəm … .. .

Ey , bilirsən dünən nə oldu ? Bu dəfə qonşunun qızına pendir verəndə anam məni gördü , bir az danladı , amma sonra başa saldı … Beləcə kasıb , varlı və pul deyilən şeyləri öyrəndim … Pulu az olanlar – kasıblarmış , çox olanlar isə varlılar … Pul da ki , onu da təzəcə gördüm , atam işdən gələndə gətirir həmişə – üstündə cürbəcür şəkillər olan kağızlardı , onu çörəyə , pendirə dəyişirlər … Atamdan istədim , vermədi , dedi ki , pulu neyniyirəm , nə istəsəm özü mənə alar … Axı nə bilsin ki , özüm üçün yox , qonşunun qızına görə istəyirəm , bunu deməyə də qorxdum , deyəsən pulu heç kim heç kimə elə-belə vermir … Neyləmək olar , amma pulun şəkilləri yadımda qalmışdı , rəsm çəkməyi də çox sevirəm , bilirsən … Evdəki bütün lazımsız kağızlardan pul düzəltdim , tez ona apardım … Elə istəyirdim ki , o gülsün … Amma əksinə , o ağladı , çünki məndən şəkilli kağız yox , pendir-çörək gözləyirdi … Məni də ağlamaq tutdu , pulları da cırıb atdım , axı o gülməyəndən sonra kimə lazım onlar … Bir gün böyüyüb ona ancaq pendir alacam , özümə də ancaq çörək , qoy həmişə gülsün … Tez böyümək istəyirəm … .. .

Ey , xəbərin var ? Tezliklə məktəbə gedəcəm , hamı ora kitab oxumağa gedir … Atam deyir ki , mən oxuyub böyük adam olacam , sonra mənim də öz şəkilli kağızlarım olacaq , həm də əsilindən , mən yaxşı çəkmirəmmiş … Bu lap əla oldu , deməli mən də bir gün böyüyüb pul dedikləri şeydən gətirəcəm , beləcə qonşunun qızı da daha ağlamayacaq … Elədirsə , tez böyümək istəyirəm … .. .

Amma axır vaxtlar bir az qəribələşmişəm , onlar belə deyir … Anamla atam da dünən dalaşdılar … Deyəsən , ata bu dəfə pul tapmamışdı , ona görə … Yooox , axı anam demişdi ki , atamla o – sevgidir … Yoxsa aldadırmış məni , yoxsa anamla atam – puldur ? Ehhh, görəsən qonşunun qızı da bir gün pula görə mənimlə belə dalaşacaq ? Lənətə gəlsin , yoxsa bunlar hamısı o şəkilli kağızlara görədir ? … .. . O gün əslində necə dünyaya gəldiyimi də öyrəndim … Bizdə qara bir qutu var , içində də əmilər , xalalar var , deyəsən televizor deyirlər adına … Hə , nə isə , bax , oradakı əmiylə xala göstərdi mənə necə olduğumu , leylək də , dovşan da yalan imiş … Axı … demək anam mənə yalan deyib ? Kimə inanım axı mən ? Bəlkə bunlar hamısı leyləyə görədir ? … .. . Bilirsən o gün nə öyrəndim ? Yəqin sən hələ bilmirsən , amma mən də böyüyəndə müharibə edəcəm … Əskərlik deyilən bir şey varmış , hamı böyüyüb əskər olmalıdır … Bunları radiodan eşitdim , elə ona görə də onu sökdüm , bunu deyən əmini axtarırdım , amma yox idi artıq içində … Bəlkə bunlar hamısı müharibəyə görədir ? Elə isə mən ora getmək istəmirəm ! Adamları öldürmək istəmirəm ! Mən müharibə istəmirəm ! … .. . Məktəbə getməyə də həvəsim qalmayıb , qonşunun qızının isə kitablarıyla çantası olmadığından onu buraxmırlar ora … Dostlarım da qalmayıb artıq … Oynayanda topum cırıldı , onlar da mənə küsüb getdilər yenə öz maşınlarıyla oynamağa … Mən də elə o gündən atamın mənə aldığı balaca bellə yanımızdakı dağa pilləkən düzəldirəm , balaca uşaqlar çıxa bilsin deyə , amma hər dəfə böyük uşaqlar onu dağıdır … Ey , hər şey niyə belə dəyişir ? Özü də axır vaxtlar hamı mənə artıq yavaş-yavaş böyüdüyümü deyir … Bəlkə  bunlar hamısı elə böyüməyimə  görədir ? Hə ? Əyər elədirsə , mən böyümək istəmirəm ! Ey , eşidirsən ? Əyər böyümək budursa , mən böyümək istəmirəm ! Eşidirsən ? Mən balaca qalmaq istəyirəm ! BÖYÜMƏK İSTƏMİRƏM !  ”

Bağışla , balaca , bağışla … Səni eşidib də , eşitmək istədiyin cavabları verə bilmədiyim üçün bağışla … Xəyal etdiyin dünyanı sənə göstərə bilmədiyim üçün bağışla … Sənin ana , ata , dost , qonşunun qızı dediklərini insanlarda tapa bilmədiyim üçün bağışla … Başladığın məktubu istədiyin kimi bitirə bilməyəcəyim üçün məni bağışla …

Uşaqlıqda pəncərədən baxanda gördüyüm tək şey həyətdə qaçışan uşaqlar idi , tez qaçıb oyuna qatılardım … O  vaxtdan çox ötüb , pəncərə dəyişməyib , dəyişən görüntüdür  …  İndi ona baxanda 3  şey görürəm : Pəncərə , Tənha əksim , Çirkin mənzərə …

Ardından YÜKLƏdə URAN’a  çəkdiyim  bir  klip … Qeyd :  Faylı  klikləyib  incitməyin , sadəcə baxın … Bəyənməsəz , bilgisayarınızda  ”shift-delete”  deyilən  bir əməliyyat  var …

4
Mart

Cizgi …

   Автор: apathy    Категория: Paylaşım...

Bəzən  cansız  qələm  həyatımızı  daha  canlı  cizir   …

intihar

YÜKLƏ‘də mənasız bir  pps-çarx  …

6
Fev

Şam işığı …

   Автор: apathy    Категория: Yazdım ki...

şam işığı ...Qarlı–boranlı qış günü … Hava qaralmağa doğru gedirdi … Artıq bir saatdan çox idi ki , pəncərənin qarşısında dikilmişdim … Yerə enən qar dənəciklərinin küləyin ağuşundakı rəqsini çox sevirəm … Elə bu küləyin pəncərənin yarıqları arasından yaratdığı səsi də çox sevirəm uşaqlıqdan, elə qarı da … Onu kim sevmir ki , sadəcə , hərənin buna öz səbəbi var … Mənim səbəbim isə – qar müvəqqəti olsa da , ətrafı bəyazlaşdırır … Özündən sonra zığ–palçıq buraxsa belə , bu çöldə qaçışan düzəltmə palçıqlardan daha xoş və təbii gəlir mənə … Hərə gizlənməyə bir deşik axtarırdı bu küləkli havadan … Onları heç vaxt başa düşməmişəm , özləri yaratdığı qasırğalara adi , amma əsl adi olan təbiətəin bu möcüzələrinə qeyri–adi yanaşırlar … Elə bu mövqeyimə əsaslanıb , bayırdakı mənzərənin dadını çıxartmağa yollandım … Üstümə bir şeylər geyinmək üçün əlimi dolaba uzatmışdım ki , əynimdəkilərin çölə çıxmağa yetərli olduğunun fərqinə vardım … Onsuz da nə fərqi var ki , bəzən içimiz havanın hərarətindən belə soyuq olur …Cansız binalardan uzaqlaşıb , qarın əsl yaraşdığı bir tərəfə yönəldim … İnsan izi olmayan bir yol diqqətimi cəlb etdi … Qulağımda “Gəl gedək” sanki məni elə söz verdiyi utopiyaya aparırdı … Ara sıra dönüb buraxdığım izlərə baxırdım , amma küləyin sürəti ətrafdakı qarı süpürüb izləri doldururdu – 5-6 addım irəliləmiş , onlar demək olar ki , tamamilə itirdi … Həyatımızdan gəlib–gedən insanlara bənzətdim onları bir anlıq … Sən gedərkən hamısı geri çağırır , sən dönərkən isə heç kim qalmır …
Ətraf qaranlıq idi , daha doğrusu , səmanın qardakı əksindən başqa heç bir yerdən işıq düşmürdü … Bu isə lap xoşuma gəlirdi … İnsanların buna niyə qaranlıq dediklərini anlamıram … Onlar üçün işıq ancaq cansız elektrik lampalarından ibarətdirmi ?! Elə bunu düşünürdüm ki , birdən şam yadıma düşdü … Bütün binanın işıqları sönmüşdü , mənə də qayıdarkən şam almağı tapşırmışdılar … Hava da qaralmışdı artıq , demək ki , tələsməliydim … Lənətə gəlsin ! Öz yolumla sakitcə gedirdim – hara getdiyimi bilmirdim , heç hara tələsmirdim , heç kim məni gözləmirdi , üstəlik də , heç bir iz qoymadan irəliləyirdim və bu yolda mən axmaqdan başqa heç kim yox idi , deməli mane olacağım biriləri də yox idi , deməli bu yol mənim idi – bu ən sevdiyim yolculuqdur … Öz–özümə deyinərək ətrafa boylanırdım … Bir maqazin tapıb , şam alıb , evə dönməliydim … Həm də tələsməliyəm , axı evdəkilər qaranlığa öyrəşməyib və hal–hazırda məndən çox , şamın gəlməyini gözləyirdilər …
Uzaqdan yol fənərlərini görüb , maqistral yola tərəf irəliləməyə başladım … Evdən çox uzaqlaşmışdım – bu tərəflər artıq işıqlı idi … tfuu , daha doğrusu , fənərli … Lap gözlərim qamaşdı … Bakının işıqlı gecələri gözəldir deyirlər , amma mənim gözümə hər şey yenə boz görsənirdi … Bəzi fənərlər sıradan çıxmışdı , ətraf tam işıqlanmırdı – ondandı yəqin …
Fikirlərimi gənclərin səs–küyü dağıtdı … Bir anlıq “deyəsən , bu cür gəzintidən xoşlanan tək mən deyiləm “ kimi bir ifadə fırlandı beynimdə … Amma sonra anladım ki , onların bu fəsil üçün daha əyləncəli planları varmış … Qar topu oynayırdılar , bizim uşaqlıqdan tanıdığımız qar topu yox , daha fərqli bir formada – hədəfləri yalnız yoldan ötən maşınlar , avtobuslar , hətta piyada qızlar idi , əlbətdə ki , tək ötənlər … Hər il qar yağdıqda bu mənzərəylə qarşılaşdığımdan , artıq adiləşmişdi gözümdə … Amma bu dəfə düşüncələrim biganə qalmadı … Həmişə düşünürdüm ki , həyatda hər şey dəyişir : fəsillər , insanlar və s. və s. … Bu dəfə isə düşüncələrimin özü dəyişdi , və bu qərara gəldim ki , əslində dəyişən heçnə yoxdur , sadəcə , fəsillər kimi insanlar da bir–birini əvəz edir …
Bu qış qar da mənə qəribə görsənirdi … Bunu sevməsəm də , ona toxunmaq istədim … Niyəsə qar topu düzəltməkdə çətinlik çəkirdim – ya uşaqlıqdan bu yana yadırğamışdım , ya da ki , qar o qar deyildi … Elə bu an Qaraqan fikrimi təsdiqlədi , sanki – “Bəlkə göylərdəkilərin ayaq altındakı tozdu bu” … Trekin məhs bu cür təsadüf etməyi üzümdə affektiv bir təbəssüm oyatdı … Bəlkə də , elə belədir … Görüblər ki , qardan belə düzgün əməllərə istifadə etmirik , bizə bəyaz toz yağdırıblar … Ya da ki , bu da öz tərəqqimizin məhsuludur , biz də qar sanıb hələdə də oynaşırıq …
Göyə baxaraq irəliləyirdim ki , hündür göydələn mənzərəni pozdu … Lənətə gəlsin ! Hər yerdə insanlar ! Bir yaxınımın orada qaldığını xatırladım … Gəlmişkən yolüstü hal – əhval soruşum ki , sonra yenə inciməsin … Kimsə inciməsin deyə bir şeyləri məcburən etməli olmağımız bizi bunun əslində adil bir yalan olduğu haqqda heç vaxt düşündürmür … Çünki başımız cümlənin birinci hissəsinə qarışır ki , başqalarının yaddaşında mələk kimi həkk olunaq … Digər hissəni necə olsa sonra unudarıq , bizdən ki başqa bunu bilən olmayacaq … Əşşi , onsuz da istəsə inciyəcək , istəsə yox ,bunun baş verməsi üçün əsaslı bir səbəb gərəkməz … Hər şey mənzərədən yox , insanların baxışlarından asılıdır … Agac sözü deyərkən , kimsə təzəcə çiçəklənən , kimsə adi yaşıl , kimsə də qurumuş bir payız agacı gətirir gözünün önünə … Həm də evdəkilər məndən şam gözləyir … Bu düşüncələrlə özümə təsəlli tapıb , yoluma davam etdim …
Artıq evə çatmışdım … Hava artıq çoxdan qaralmışdı , şaxta bir az daha sərtləşmişdi , amma uşaqlar hələ də küçədə oynaşırdılar … Aralarında onlara baxıb xatırlanan böyüklər də var idi … Görəsən , qar il boyu hər gün yağsaydı , insanlar ona bu qədər sevinərdimi ? Mən də belə düşünürəm , uşaqlıqda tam əks fikirdə olsam da … Yəqin elə ona görə qar bizim tərəflərdə nadir hallarda görsənir , əks halda insanlar ona sevinmək əvəzinə , taptalayıb tez əriməsini diləyərdilər … Axı hər şeyin geci və azı daha özləmli və şirin olur …
Evə girən kimi hamı şama cumdu … Bir anlıq 21–ci əsrdə elə də böyük bir dəyər kəsb etməyən bu zadın niyə hamının diqqət mərkəzində olmağı məni təəccübləndirdi … Hə , hə , axı işıqlar sönmüşdü , ona görə indi ona ehtiyac vardı … Lap dəli olmuşam , hamısı yol boyu mənə yoldaş olan düşüncələrdəndi … Lənətə gəlsin ! Bir şam dalıyca getmişdim , gör nə mənasız şeylər gəldi ağlıma … Şamı yandırdım … Bir neçə dəqiqə ərzində hamı antikvar bir əşyaymış kimi gözünü ona zillədi … İşıqların yanması sükutu pozdu … Onu söndürməyi belə unudub , hərə bir tərəfə qaçışdı … Şamla tək qaldım … İşığı söndürüb , ona borclu olduğum bu etudu yazdım onun işığında … Uşaqlıqdan bağlıyam şam işığına …

Etud bitdi … Şamı söndürüb , ehmalca şkafa qoydum … Axı bütün işıqlar sönəndə , ona yenə ehtiyac olacaq

28
Yan

Vaxt gedir …

   Автор: apathy    Категория: Yazdım ki...

vaxt gedirBiz həyata gəldiyimiz bir gündən daim gözləyirik …

Uşaqkən bir masa arxasında ailəliklə deyib-gülüb əylənmək üçün bayramları , böyüklərin bizə qəhqəhəylə öyrətdikləri dilimizə yatmayan yeni sözcükləri , bizə vermədikləri  tüstü buraxan kağızı  və butulkadakı  qırmızı suyu dadmaq üçün böyüməyimizi gözləyirik …

Böyüyürük … Bəlkə də , sadəcə , boy atırıq … İlk öncə məktəbə gedəcəyimiz günü , sonra ilk  “beş”imizi , məktəbin yenidən  təmir  olunması üçün növbəti ayı , sonra  müəllimlərin  ad günlərini və təqvimdə belə qeyd olunmayan bayramları , bir sözlə  -  daha 4 il oxumaq üçün 11 il bunların hamısını gözləyirik …

Mahiyyətindən çox adına həris olduğumuz tələbəliyi qazanmağımızı gözləyirik … Obyektiv imtahanların obyektiv cavablarını , biliyinin qiymətini almaq üçün taxtabaşların oxuduğu qiymətləri , tələbənin savadını  rəngində əks etdirən diplomun bir işə yaramayacağını bilərək universiteti bitirəcəyimiz günü gözləyirik …

Qız ovunda öndər olmaq üçün əzələlərimizin şişməsini , oğlanları doyduran ideal ölçülü bədən quruluşumuzun formalaşmasını gözləyirik …  Maşın , ev və digər seçimlərdən sonra həyat yoldaşı yox arvad seçimini , “oğlanlar hamısı eynidir” deyib , evdə qalmamaq üçün elə həmin o oğlanlardan birini gözləyirik …

Hər addımda ana–bacılara söz atıb , “bütün ana-bacılarımızı qoruyaq”  andını verdiyimiz günü gözləyirik … Uzaq getməyək , elə orada da gözləyirik – yeməyin içindən çıxacaq olan həşəratları , kişilik imtahanının bəzən ölümcül sınaqlarını , dəyişdiyimiz əsirlərimizi , atəşkəsin növbəti dəfə pozulmasını … gözləyirik …

Hər axşam xəbər bəzəyən xəbərləri gözləyirik …  Kostyumluların hər il təkrarən verilən canlı pafoslarını , maaşların azalıb , qiymətlərin qalxmasını , kimin neçə tükü neçə kağıza əkdirdiyini , qışda qış nağıllarını , yazda yumurta döyüşdürməsini gözləyirik …  Sonra  Fələstinlərə düşən növbəti bombalara , dəhşətli görüntülərə və statistikaya baxmağa ürəyimiz zəif olduğundan kanalı dəyişib , sabah hansı paltarı geyinək deyə hava proqnozunu gözləyirik …

Həyat oyununun növbəti labirintində dolaşıb qalanda , reflektor olaraq Allahı yada salıb , möcüzə gözləyirik … Səsiylə bizi yuxumuzdan edən azanın tez bitməsini , qarşısında baş əydiyimiz fahişələrlə olduğumuz anda isə zamanın durmasını , sonra isə eyni günahları bir daha təkrarlamaq üçün tövbələrimizi gözləyirik … Ürəklə içib zina etmək üçün dinə hörmət məhərrəmliyin çıxmasını , hicablanmaq üçün ədalarımızın xoşagəlməz formaya düşməsini , 24 saatda 24 dəqiqə namaza vaxt tapmayıb , ibadətə başlamaq üçün 60-70 yaşımızı gözləyirik …

Xeyir-şər günümüzə gələn doğmaların nə qədər pul salacaqlarını , onları yada salmaq üçün əlamətdar günləri gözləyirik … Dövlətə QULluğu bitirib , aydan aya gecikən və azalan təqaüdü , həkimin təyin etdiyi ölüm gününü , bütün bunları görərək övladlarımızın da eyni şeyləri gözləyəcəklərini gözləyirik … Ölüm ayağında belə hər şeyi bir anda vərəqləyib , O’ndan daha bir həyat verməyini gözləyirik … Biz gözləyirik , vaxt isə gedir …

Мы никогда не живем настоящим, все только предвкушаем будущее и торопим его, словно оно опаздывает, или призываем прошлое и стараемся его вернуть, словно оно ушло слишком рано. Мы так неразумны, что блуждаем во времени, нам не принадлежащем, пренебрегая тем единственным, которое нам дано.        (Ф.В.Ницше )

28
Dek

Boşluq …

   Автор: apathy    Категория: Yazdım ki...

pustotaİlk dəfə iç dünyanın qapısını  döyərkən onu mələk sanıb , tərəddüd etmədən içəri buraxırsan … Sənə o qədər doğma gəlir ki , zamanla  ona artıq qonaq yox , İllər öncə itirdiyi sığınacağı tapmış bir daimi sakin kimi baxmağa başlayırsan … Elə o andan da hər bir şeyini onunla bölüşməyə başlayırsan … O isə  “hər şey” dediyinin yalnız və yalnız göz yaşları olduğunu görüb , səni sakitləşdirir və yaralarını sağaldacağını vəd edir … Aldığın zərbələrin acısı səni onun ağuşunda itirir , onu içini isidən yeganə  “yorğan”  sanıb , bərk-bərk bürünürsən … Ehtiyyatlı düşüncələrini unudub , özünü tamamilə ona buraxırsan … Aldanırsan içini xəbərsiz gəmirən qaranlığın nurlu libasına … Gec olsa da , anlayırsan … Anlayırsan ki , sənin acılarının nəticəsi olan sadəlövhlüyündən istifadə edib , səni batırır … Bu an qaçmağa başlayırsan , necə ki səhvlərimizin qorxunc nəticələriylə qarşalaşarkən özümüz boyda yerdə qaçırıq … Qaçıb , rəngarəng , səs-küylü kütləyə qarışmağa çalışırsan … Adətə uyğun hər şeyi yerində edirsən  – yuxudan oyanırsan ( yuxuya getmədiyinə öyrəşsən belə ) , nahar edirsən (geciksən belə , gecikməyəcəyinə özünü əmin edib iştahla yeyirsən ) , sonra dərs ( mühazirəçidən çox güzgüdə özlərinə baxan özündənrazı gözəlçələr , “kişilik kodeksinin”  bəndlərini  “müzakirə” edən gələcəyin  “ailə başçıları”  və qarğışdan  “sayğacları”  yararsız hala gələn  “pul kassaları” – müəllimlər ) ,  iş (vəzifə uğrunda  “səmimi”  fədakarlıqlar , müxtəlif  “fors-majorlar” , açarı pul olan xoşbəxtlik qapıları ), və sonda – olmayan şəxsi həyat ( əzbərlənmiş sevgi etirafları , səndən sevgi yox , onun sevgilisi olmağını istədiyini boynuna almaq istəməyən gözəlçə  və … susuram … ) … Bunlar hamısı boş  … Və o bir daha hər şeydə  özü olduğuna səni əmin edir … Səni  qarabaqara izləyib , bu çalarların rəngsiz , səs-küyün isə əslində lal olduğunu sənə göstərir … Öz gözlərinlə şahid olduğuna görə  inanmamaq üçün bir əsasın qalmır , inanmalı olduğun nifrət etdiyin biri olsa da  … Eyni səhvi bir daha təkrarlamamaq ümidiylə   “Qapılarımı birdəfəlik bağlayacam! Artıq yaralarımı özüm sağaldacam!” kimi bir söz verib , özünü saxta təsəlliylə aldadırsan , və  aldatdığını dərk etdikdə belə , bunu edirsən … Amma gecdir … Hətta “gec” demək üçün belə gecdir … Ətrafda HEÇNƏdir , içində isə – BOŞLUQ … Amma bu boşluq da bir heçnədir , amma çox qorxulu bir heçnə … Bəlkə  də elə onun olması yaxşıdır … O boşluqdur – onun üzərinə toz qonmur , hər şey çökməmiş izini itirir , onunla mübarizə aparmaq olmur , onu oğurlayıb , sahib çixmaq olmur , alıb-satmaq olmur … Onu ancaq yaşamaq olur …

Həyatımızdan  gedən  sevdiklərimizi  heç  kim  əvəz  edə  bilməz  ,  onların  qoyduğu  izləri  isə  yalnız  boşluqlar  doldura bilər …

18
Dek

Birisi olacaq …

   Автор: apathy    Категория: Yazdım ki...

birisi olacaq...Həyat qəribədir … Bir zamanlar bizə əlçatmaz görünən arzular zamanla bu sözə olan uyğunluğunu itirir … Xoşbəxtlik axtarışlarında arzuladığımız gözləntilər bir toxunuşla mənasını itirir … Və sonra … Sonra tərifini axtardığımız sözlər bizə yadırğayır sanki … Elə yadırğayır ki , artıq həyatdan nə istədiyimizi belə bəlli edə bilmirik … Yeganə ümidimiz məqsədsiz mövcudluğun özümüzə agah olmayan müsbət nəticələrinə qalır …
Sadalamaq istəməzdim , amma bu yaşda arzuladığım çox şeyə nail olduğumu düşünürəm … Düzü bunlar düşündüyüm ən son “zad”lardı … Amma belə deyirlər … Leksikonumda “bacarmıram” sözünü “istəmirəm” sözünə dəyişib , “həyatım əllərimdə” prinsipiylə irəliləməyi qərara aldığım bir gündən  çox istəklər imkanlarımla uyğunlaşıb … Anladığınız kimi , ilk baxışdan hər şey elə də pis deyil … Hətta əladır … Bəlkə də … Amma yox … Mənə görə hər şey , əslində , göründüyündən də pisdir … Bu qədər dəyərlərin varlığında yenə də hardansa külək əsir … Bu SƏNSİZLİYİN KÜLƏYİDİR … Lap sənə bənzəyir – nə gəlir , nə qalır , nə də ki , aparır … Sadəcə əsir … O qədər bərk və kəsici əsir ki , hər şeyi bir buz parçasına çevirir … Sonra müvəqqəti “xoşbəxtlik qayğıları”  bu buzu elə müvəqqəti olaraq da əridir … Kimlərəsə görə sərt baxışlarımı , kimlərəsə də görə əsassız qəzəbimi əritmək məcburiyyətində qalıram … Amma qəlbimin buzu hələ də əbədiymiş kimi görsənir …
Öyrəşmişəm … YOXluğunun VARlığına , taleyimin mənə olan nazına , qəribədir , amma hətta bu sözün özünə belə öyrəşmişəm … Tək öyrəşmədiyim sən oldun , çünki səni sevdim , sadəcə sevdim … Və bundan əminəm … İndi isə …İndi isə çökməmək üçün səni sənsiz yaşamağa da öyrəşməliyəm…
Deyirlər , bir gün birisi olacaq … Mütləq olacaq … O məni sevəcək , mən isə onun mənə olan sevgisini … Onun ilk sevgisi olacam … Buna görə , məni itirməmək üçün , əlindən gələni edəcək … Qarşılıq gözləmədən , heçnə ummadan sevəcək … Artığına gücü çatmayacağıyla barışıb , özünü bərk-bərk öyrəşdirəcək buna … Lap səni sevdiyim kimi … Bu onun sənli xatirələrimə olan yeganə immuniteti olacaq …O sevgisindən tutunacaq , mən isə sənsizliyin küləyindən … Bilirəm , çox üşüyəcəm , amma bu onun sevgisindən də isti gələcək mənə …
Günlər ötəcək , onun sevgisinə hörmət etməkdən başqa əlimdən heçnə gəlməyəcək … Dişimi sıxıb , özümü artığına vadar etməyim isə həm onu , həm də məni incidəcək … Heç o da bunu tələb etməyəcək … Yeganə tələbləri özünə olacaq – məni həyata qaytarmaq … O məni hər halımla yaşayacaq , məni isə SƏNi onda yaşayacam …
Bütövlüklə sevəcək məni – həm dünənimi , həm bugünümü , hər sabahı”m”ızı isə yeni bir ümidlə açacaq … O ümidlə ki , mən hər gecə onunla bir baş qoyduğum yastığın digər tərəfində hər oyananda uşaq tək səni görmək istəyiylə açacam gözlərimi … Amma o buna da qatlanacaq … Hər şeydən əlini üzdüyü bir zamanda , məni ona yaxınlaşdıran yeganə varlıq – körpəmizə bağlayacaq ümidini … Amma mən o körpəyə belə zəiflik göstərəcəm … Öncə nəfəsində , gözlərində , sonra yerişində , danışığında ,sonra isə qəlbində axtaracam səni … Ona danışdığım “nağılların” baş qəhrəmanı olacaqsan … Körpələr həmişə uşaqlıqda sevdiyi personajlara bənzəmək istər düşüncəsiylə … Mənim taleyim onun eşidəcəyi tək nağıllar olacaq , deyəsən … Sonra … Sonrasını bilmirəm … Bilmək istəmirəm … Sənsiz həyatı artıq təsəvvür belə etmək istəmirəm … Amma deyirlər , birisi olacaq … Mütləq olacaq …

12
Dek

Körpələrdən utanıram …

   Автор: apathy    Категория: Çəkdim ki...

Xəyal   etdiklərinin   heç   birini   görməyəcəklərinə   görə   utanıram …

sdf

15
Noy

” Həyat paylaşdıqca gözəlləşər … “

   Автор: apathy    Категория: Çəkdim ki...

Tini’yə həsr olunur …

məsumlar

11
Noy

Sən …

   Автор: apathy    Категория: Yazdım ki...

ya dumayu o tebe 61 sekundu v minutu

Bugün yenə səni andı qələm … Yox … Əsla belə düşünmə … Sənə ünvanlanan sətirlər səbəb olduğumu düşündüyümün nəticəsi yox , mənə yaşatdıqlarının səbəbidir …

Bəlkə sən heç yoxsan , sadəcə , mən sənin yoxluğunu yaşayıram …Tənhalığımın qısqandığı tək varlıqsan …

Hisslərim “sevgi” adlı imtahanının qarşısında acizdir … Mən ən zəif tələbən …

“Yəqin”dən “bəlkə”yə kimi heç bir sözlə uyğunlaşdıra bilmirəm səni … Sevgidə cəmləşməyən bütün hisslərimin tək səbəbisən …

Səni sevməklə kifayətlənmirəm … Sən tam başqasan … Hisslərimin tərifinin itdiyi tək ünvansan …

Əsaslı sübutu olmayan tək qaydamsan … İstisnan olmaq belə xoşbəxt edir məni …

Özümü aldatdığım yeganə yalanımsan … ”Varlığın” “Yox”a çevrilməsə də , özümə aldanmamağı artıq öyrənə bildim … Sən ən düzgün yalanımsan …

Ona ibadətimdə belə fikirlərimin tək mərkəzisən … Bu cür sevmək günahdırsa , sən ən müqəddəs günahımsan …

Fikirlərdən duyğulara yox , duyğulardan fikirlərə uzanan tək yolumsan … Bu yol sonsuz və istiqamətsizdir …

Sağalmaqdan qorxduğum yeganə xəstəliyimsən … Sənə yoluxmadım … Sənlə doğuldum …

Mən bədbəxtliyə vəsilə olmuş bir fani … Öz dünyamın olduğunu sanırdım …Məyər , sən gözümü açdığım tək dünya”M”san …

17
Okt

Ötdü …

   Автор: apathy    Категория: Yazdım ki...

ya ne odinok,ya odinokiy...20 il ötdü … Hər xoşbəxt anların sonunda bizi kədərləndirən,hər kədərli anların sonunda isə sevindirən kəlmə – ÖTDÜ … Bu illərdə çox şey dəyişdi,çox şeyi dəyişdirdilər , az şeyi dəyişdim … Həyatımda dəyişməyən bircə mən və hər il öz lal dilimizdə dərdləşdiyim dənizimdir … O necə də məni “səni başa düşürəm” deyən insanlardan yaxşı anlayır … Sahilə gətirdiyi hər bir dalğası suallarıma cavabdır sanki … Yox … Bugün onunla artıq onun üçün şablonlanmış dərdlərimdən danışmağa gəlməmişəm … Bəsdir onu yorduğum bu neçə ildə!!! Bugün onun hər damlasında əks olunan geridə qoyduğum anların seyrinə gəlmişəm … İzlədiyim film elə də ürəkaçan deyil , deyəsən … Hər an niyəsə yarımçıqdır , qısadır , natamamdır … Tamam olanlar isə vaxtilə yaşamaq istəməyib də yaşadıldıqlarımdır … Seyri belə özümə maraqsız gəlir …
Qəribədir , görəsən niyə yaşanılan xoş anlar qısa , kədərli anlar isə ,əksinə,bu qədər uzun canlanır yaddaşımızda ?! Görəsən niyə ətrafımda bu qədər obrazlar olarkən özümü tək görürəm hər kadrda ?! Görəsən niyə hər körpü adıyla düzülən süjetin sonunda səddlər var ?!
Bugün dənizim də küskündü mənə … Dilə gəlməyən fikirlərini illərdi onunla bölüşən bu adamın sıxıcı sükutundan küsüb … Bu dənizin ağuşuna həbs olunmuş ada kimi hiss edirəm özümü …Yanımdakı balıqçının qabında çırpınaraq ölümünə gedən saniyələrini sayan balıq kimi hiss edirəm özümü …Yenə dənizə dönəcəyini bilərək ümidlə sahilə gələn dalğa , kölgə yaratmaq üçün sahilə basdırılan , amma özü daima günəşin istisində yanan cansız bir çətir kimi hiss edirəm özümü …
Payızım da küsüb məndən … Hər ilin bu günü yeganə bəyəndiyim hədiyyəni – özünü mənə gətirən solmuş ürəklər fəsli də küsdü mənə … Göz yaşlarımı öz damcılarında gizlətməkdən yorulub artıq … İnsanlara təmiz hava paylayan , sonra da elə onların ayağı altında əzilən kövrək payız yarpağı kimi hiss edirəm özümü … O payızın kimisə sevindirən , kiminsə isə qəzəbinə tuş gələn payız yağmuru kimi hiss edirəm özümü …
Hələ qələmimi demirəm … O da üz çevirib artıq məndən ,sanki … Yazıya gəlməyən acı dolu düşüncələrimin ağırlığından gileylidir diyircəyi … Öz istedadlı yazarından uzaq düşən , mürəkkəbini mürəkkəb mövzulara tükətməkdən artıq mürəkkəbləşən qələm kimi hiss edirəm özümü …
Bugün son can verən ümidlərimi də bu yazıyla birgə şüşə qaba yükləyib dənizimə buraxıram … Kim bilir , bəlkə də , onlar mənsiz sağ qaldılar … Bəlkə də , kiminsə mənzilinə yetişib , onun ölmüş ümidlərinin sağlam başlanğıcına çevrildilər …
20 il ötdü … Mən yenə də bu yolda təkəm…