20 il ötdü … Hər xoşbəxt anların sonunda bizi kədərləndirən,hər kədərli anların sonunda isə sevindirən kəlmə – ÖTDÜ … Bu illərdə çox şey dəyişdi,çox şeyi dəyişdirdilər , az şeyi dəyişdim … Həyatımda dəyişməyən bircə mən və hər il öz lal dilimizdə dərdləşdiyim dənizimdir … O necə də məni “səni başa düşürəm” deyən insanlardan yaxşı anlayır … Sahilə gətirdiyi hər bir dalğası suallarıma cavabdır sanki … Yox … Bugün onunla artıq onun üçün şablonlanmış dərdlərimdən danışmağa gəlməmişəm … Bəsdir onu yorduğum bu neçə ildə!!! Bugün onun hər damlasında əks olunan geridə qoyduğum anların seyrinə gəlmişəm … İzlədiyim film elə də ürəkaçan deyil , deyəsən … Hər an niyəsə yarımçıqdır , qısadır , natamamdır … Tamam olanlar isə vaxtilə yaşamaq istəməyib də yaşadıldıqlarımdır … Seyri belə özümə maraqsız gəlir …
Qəribədir , görəsən niyə yaşanılan xoş anlar qısa , kədərli anlar isə ,əksinə,bu qədər uzun canlanır yaddaşımızda ?! Görəsən niyə ətrafımda bu qədər obrazlar olarkən özümü tək görürəm hər kadrda ?! Görəsən niyə hər körpü adıyla düzülən süjetin sonunda səddlər var ?!
Bugün dənizim də küskündü mənə … Dilə gəlməyən fikirlərini illərdi onunla bölüşən bu adamın sıxıcı sükutundan küsüb … Bu dənizin ağuşuna həbs olunmuş ada kimi hiss edirəm özümü …Yanımdakı balıqçının qabında çırpınaraq ölümünə gedən saniyələrini sayan balıq kimi hiss edirəm özümü …Yenə dənizə dönəcəyini bilərək ümidlə sahilə gələn dalğa , kölgə yaratmaq üçün sahilə basdırılan , amma özü daima günəşin istisində yanan cansız bir çətir kimi hiss edirəm özümü …
Payızım da küsüb məndən … Hər ilin bu günü yeganə bəyəndiyim hədiyyəni – özünü mənə gətirən solmuş ürəklər fəsli də küsdü mənə … Göz yaşlarımı öz damcılarında gizlətməkdən yorulub artıq … İnsanlara təmiz hava paylayan , sonra da elə onların ayağı altında əzilən kövrək payız yarpağı kimi hiss edirəm özümü … O payızın kimisə sevindirən , kiminsə isə qəzəbinə tuş gələn payız yağmuru kimi hiss edirəm özümü …
Hələ qələmimi demirəm … O da üz çevirib artıq məndən ,sanki … Yazıya gəlməyən acı dolu düşüncələrimin ağırlığından gileylidir diyircəyi … Öz istedadlı yazarından uzaq düşən , mürəkkəbini mürəkkəb mövzulara tükətməkdən artıq mürəkkəbləşən qələm kimi hiss edirəm özümü …
Bugün son can verən ümidlərimi də bu yazıyla birgə şüşə qaba yükləyib dənizimə buraxıram … Kim bilir , bəlkə də , onlar mənsiz sağ qaldılar … Bəlkə də , kiminsə mənzilinə yetişib , onun ölmüş ümidlərinin sağlam başlanğıcına çevrildilər …
20 il ötdü … Mən yenə də bu yolda təkəm…
Архив на месяц Oktyabr, 2009
17
Okt