Архив на месяц Dekabr, 2009

28
Dek

Boşluq …

   Автор: apathy    Категория: Yazdım ki...

pustotaİlk dəfə iç dünyanın qapısını  döyərkən onu mələk sanıb , tərəddüd etmədən içəri buraxırsan … Sənə o qədər doğma gəlir ki , zamanla  ona artıq qonaq yox , İllər öncə itirdiyi sığınacağı tapmış bir daimi sakin kimi baxmağa başlayırsan … Elə o andan da hər bir şeyini onunla bölüşməyə başlayırsan … O isə  “hər şey” dediyinin yalnız və yalnız göz yaşları olduğunu görüb , səni sakitləşdirir və yaralarını sağaldacağını vəd edir … Aldığın zərbələrin acısı səni onun ağuşunda itirir , onu içini isidən yeganə  “yorğan”  sanıb , bərk-bərk bürünürsən … Ehtiyyatlı düşüncələrini unudub , özünü tamamilə ona buraxırsan … Aldanırsan içini xəbərsiz gəmirən qaranlığın nurlu libasına … Gec olsa da , anlayırsan … Anlayırsan ki , sənin acılarının nəticəsi olan sadəlövhlüyündən istifadə edib , səni batırır … Bu an qaçmağa başlayırsan , necə ki səhvlərimizin qorxunc nəticələriylə qarşalaşarkən özümüz boyda yerdə qaçırıq … Qaçıb , rəngarəng , səs-küylü kütləyə qarışmağa çalışırsan … Adətə uyğun hər şeyi yerində edirsən  – yuxudan oyanırsan ( yuxuya getmədiyinə öyrəşsən belə ) , nahar edirsən (geciksən belə , gecikməyəcəyinə özünü əmin edib iştahla yeyirsən ) , sonra dərs ( mühazirəçidən çox güzgüdə özlərinə baxan özündənrazı gözəlçələr , “kişilik kodeksinin”  bəndlərini  “müzakirə” edən gələcəyin  “ailə başçıları”  və qarğışdan  “sayğacları”  yararsız hala gələn  “pul kassaları” – müəllimlər ) ,  iş (vəzifə uğrunda  “səmimi”  fədakarlıqlar , müxtəlif  “fors-majorlar” , açarı pul olan xoşbəxtlik qapıları ), və sonda – olmayan şəxsi həyat ( əzbərlənmiş sevgi etirafları , səndən sevgi yox , onun sevgilisi olmağını istədiyini boynuna almaq istəməyən gözəlçə  və … susuram … ) … Bunlar hamısı boş  … Və o bir daha hər şeydə  özü olduğuna səni əmin edir … Səni  qarabaqara izləyib , bu çalarların rəngsiz , səs-küyün isə əslində lal olduğunu sənə göstərir … Öz gözlərinlə şahid olduğuna görə  inanmamaq üçün bir əsasın qalmır , inanmalı olduğun nifrət etdiyin biri olsa da  … Eyni səhvi bir daha təkrarlamamaq ümidiylə   “Qapılarımı birdəfəlik bağlayacam! Artıq yaralarımı özüm sağaldacam!” kimi bir söz verib , özünü saxta təsəlliylə aldadırsan , və  aldatdığını dərk etdikdə belə , bunu edirsən … Amma gecdir … Hətta “gec” demək üçün belə gecdir … Ətrafda HEÇNƏdir , içində isə – BOŞLUQ … Amma bu boşluq da bir heçnədir , amma çox qorxulu bir heçnə … Bəlkə  də elə onun olması yaxşıdır … O boşluqdur – onun üzərinə toz qonmur , hər şey çökməmiş izini itirir , onunla mübarizə aparmaq olmur , onu oğurlayıb , sahib çixmaq olmur , alıb-satmaq olmur … Onu ancaq yaşamaq olur …

Həyatımızdan  gedən  sevdiklərimizi  heç  kim  əvəz  edə  bilməz  ,  onların  qoyduğu  izləri  isə  yalnız  boşluqlar  doldura bilər …

18
Dek

Birisi olacaq …

   Автор: apathy    Категория: Yazdım ki...

birisi olacaq...Həyat qəribədir … Bir zamanlar bizə əlçatmaz görünən arzular zamanla bu sözə olan uyğunluğunu itirir … Xoşbəxtlik axtarışlarında arzuladığımız gözləntilər bir toxunuşla mənasını itirir … Və sonra … Sonra tərifini axtardığımız sözlər bizə yadırğayır sanki … Elə yadırğayır ki , artıq həyatdan nə istədiyimizi belə bəlli edə bilmirik … Yeganə ümidimiz məqsədsiz mövcudluğun özümüzə agah olmayan müsbət nəticələrinə qalır …
Sadalamaq istəməzdim , amma bu yaşda arzuladığım çox şeyə nail olduğumu düşünürəm … Düzü bunlar düşündüyüm ən son “zad”lardı … Amma belə deyirlər … Leksikonumda “bacarmıram” sözünü “istəmirəm” sözünə dəyişib , “həyatım əllərimdə” prinsipiylə irəliləməyi qərara aldığım bir gündən  çox istəklər imkanlarımla uyğunlaşıb … Anladığınız kimi , ilk baxışdan hər şey elə də pis deyil … Hətta əladır … Bəlkə də … Amma yox … Mənə görə hər şey , əslində , göründüyündən də pisdir … Bu qədər dəyərlərin varlığında yenə də hardansa külək əsir … Bu SƏNSİZLİYİN KÜLƏYİDİR … Lap sənə bənzəyir – nə gəlir , nə qalır , nə də ki , aparır … Sadəcə əsir … O qədər bərk və kəsici əsir ki , hər şeyi bir buz parçasına çevirir … Sonra müvəqqəti “xoşbəxtlik qayğıları”  bu buzu elə müvəqqəti olaraq da əridir … Kimlərəsə görə sərt baxışlarımı , kimlərəsə də görə əsassız qəzəbimi əritmək məcburiyyətində qalıram … Amma qəlbimin buzu hələ də əbədiymiş kimi görsənir …
Öyrəşmişəm … YOXluğunun VARlığına , taleyimin mənə olan nazına , qəribədir , amma hətta bu sözün özünə belə öyrəşmişəm … Tək öyrəşmədiyim sən oldun , çünki səni sevdim , sadəcə sevdim … Və bundan əminəm … İndi isə …İndi isə çökməmək üçün səni sənsiz yaşamağa da öyrəşməliyəm…
Deyirlər , bir gün birisi olacaq … Mütləq olacaq … O məni sevəcək , mən isə onun mənə olan sevgisini … Onun ilk sevgisi olacam … Buna görə , məni itirməmək üçün , əlindən gələni edəcək … Qarşılıq gözləmədən , heçnə ummadan sevəcək … Artığına gücü çatmayacağıyla barışıb , özünü bərk-bərk öyrəşdirəcək buna … Lap səni sevdiyim kimi … Bu onun sənli xatirələrimə olan yeganə immuniteti olacaq …O sevgisindən tutunacaq , mən isə sənsizliyin küləyindən … Bilirəm , çox üşüyəcəm , amma bu onun sevgisindən də isti gələcək mənə …
Günlər ötəcək , onun sevgisinə hörmət etməkdən başqa əlimdən heçnə gəlməyəcək … Dişimi sıxıb , özümü artığına vadar etməyim isə həm onu , həm də məni incidəcək … Heç o da bunu tələb etməyəcək … Yeganə tələbləri özünə olacaq – məni həyata qaytarmaq … O məni hər halımla yaşayacaq , məni isə SƏNi onda yaşayacam …
Bütövlüklə sevəcək məni – həm dünənimi , həm bugünümü , hər sabahı”m”ızı isə yeni bir ümidlə açacaq … O ümidlə ki , mən hər gecə onunla bir baş qoyduğum yastığın digər tərəfində hər oyananda uşaq tək səni görmək istəyiylə açacam gözlərimi … Amma o buna da qatlanacaq … Hər şeydən əlini üzdüyü bir zamanda , məni ona yaxınlaşdıran yeganə varlıq – körpəmizə bağlayacaq ümidini … Amma mən o körpəyə belə zəiflik göstərəcəm … Öncə nəfəsində , gözlərində , sonra yerişində , danışığında ,sonra isə qəlbində axtaracam səni … Ona danışdığım “nağılların” baş qəhrəmanı olacaqsan … Körpələr həmişə uşaqlıqda sevdiyi personajlara bənzəmək istər düşüncəsiylə … Mənim taleyim onun eşidəcəyi tək nağıllar olacaq , deyəsən … Sonra … Sonrasını bilmirəm … Bilmək istəmirəm … Sənsiz həyatı artıq təsəvvür belə etmək istəmirəm … Amma deyirlər , birisi olacaq … Mütləq olacaq …

12
Dek

Körpələrdən utanıram …

   Автор: apathy    Категория: Çəkdim ki...

Xəyal   etdiklərinin   heç   birini   görməyəcəklərinə   görə   utanıram …

sdf