18
Dek

Birisi olacaq …

   Автор: apathy    Категория: Yazdım ki...

birisi olacaq...Həyat qəribədir … Bir zamanlar bizə əlçatmaz görünən arzular zamanla bu sözə olan uyğunluğunu itirir … Xoşbəxtlik axtarışlarında arzuladığımız gözləntilər bir toxunuşla mənasını itirir … Və sonra … Sonra tərifini axtardığımız sözlər bizə yadırğayır sanki … Elə yadırğayır ki , artıq həyatdan nə istədiyimizi belə bəlli edə bilmirik … Yeganə ümidimiz məqsədsiz mövcudluğun özümüzə agah olmayan müsbət nəticələrinə qalır …
Sadalamaq istəməzdim , amma bu yaşda arzuladığım çox şeyə nail olduğumu düşünürəm … Düzü bunlar düşündüyüm ən son “zad”lardı … Amma belə deyirlər … Leksikonumda “bacarmıram” sözünü “istəmirəm” sözünə dəyişib , “həyatım əllərimdə” prinsipiylə irəliləməyi qərara aldığım bir gündən  çox istəklər imkanlarımla uyğunlaşıb … Anladığınız kimi , ilk baxışdan hər şey elə də pis deyil … Hətta əladır … Bəlkə də … Amma yox … Mənə görə hər şey , əslində , göründüyündən də pisdir … Bu qədər dəyərlərin varlığında yenə də hardansa külək əsir … Bu SƏNSİZLİYİN KÜLƏYİDİR … Lap sənə bənzəyir – nə gəlir , nə qalır , nə də ki , aparır … Sadəcə əsir … O qədər bərk və kəsici əsir ki , hər şeyi bir buz parçasına çevirir … Sonra müvəqqəti “xoşbəxtlik qayğıları”  bu buzu elə müvəqqəti olaraq da əridir … Kimlərəsə görə sərt baxışlarımı , kimlərəsə də görə əsassız qəzəbimi əritmək məcburiyyətində qalıram … Amma qəlbimin buzu hələ də əbədiymiş kimi görsənir …
Öyrəşmişəm … YOXluğunun VARlığına , taleyimin mənə olan nazına , qəribədir , amma hətta bu sözün özünə belə öyrəşmişəm … Tək öyrəşmədiyim sən oldun , çünki səni sevdim , sadəcə sevdim … Və bundan əminəm … İndi isə …İndi isə çökməmək üçün səni sənsiz yaşamağa da öyrəşməliyəm…
Deyirlər , bir gün birisi olacaq … Mütləq olacaq … O məni sevəcək , mən isə onun mənə olan sevgisini … Onun ilk sevgisi olacam … Buna görə , məni itirməmək üçün , əlindən gələni edəcək … Qarşılıq gözləmədən , heçnə ummadan sevəcək … Artığına gücü çatmayacağıyla barışıb , özünü bərk-bərk öyrəşdirəcək buna … Lap səni sevdiyim kimi … Bu onun sənli xatirələrimə olan yeganə immuniteti olacaq …O sevgisindən tutunacaq , mən isə sənsizliyin küləyindən … Bilirəm , çox üşüyəcəm , amma bu onun sevgisindən də isti gələcək mənə …
Günlər ötəcək , onun sevgisinə hörmət etməkdən başqa əlimdən heçnə gəlməyəcək … Dişimi sıxıb , özümü artığına vadar etməyim isə həm onu , həm də məni incidəcək … Heç o da bunu tələb etməyəcək … Yeganə tələbləri özünə olacaq – məni həyata qaytarmaq … O məni hər halımla yaşayacaq , məni isə SƏNi onda yaşayacam …
Bütövlüklə sevəcək məni – həm dünənimi , həm bugünümü , hər sabahı”m”ızı isə yeni bir ümidlə açacaq … O ümidlə ki , mən hər gecə onunla bir baş qoyduğum yastığın digər tərəfində hər oyananda uşaq tək səni görmək istəyiylə açacam gözlərimi … Amma o buna da qatlanacaq … Hər şeydən əlini üzdüyü bir zamanda , məni ona yaxınlaşdıran yeganə varlıq – körpəmizə bağlayacaq ümidini … Amma mən o körpəyə belə zəiflik göstərəcəm … Öncə nəfəsində , gözlərində , sonra yerişində , danışığında ,sonra isə qəlbində axtaracam səni … Ona danışdığım “nağılların” baş qəhrəmanı olacaqsan … Körpələr həmişə uşaqlıqda sevdiyi personajlara bənzəmək istər düşüncəsiylə … Mənim taleyim onun eşidəcəyi tək nağıllar olacaq , deyəsən … Sonra … Sonrasını bilmirəm … Bilmək istəmirəm … Sənsiz həyatı artıq təsəvvür belə etmək istəmirəm … Amma deyirlər , birisi olacaq … Mütləq olacaq …

Эта запись опубликована Cümə, Dekabr 18th, 2009 в 22:20 и находиться в категории: Yazdım ki.... Вы можите читать эту запись через RSS 2.0 поток. Вы можите оставить комментарий, или поставить trackback на своем сайте.

Оставить комментарий

Имя (*)
Почта (не публикуется) (*)
Сайт
Комментарий