Архив на месяц Yanvar, 2010

28
Yan

Vaxt gedir …

   Автор: apathy    Категория: Yazdım ki...

vaxt gedirBiz həyata gəldiyimiz bir gündən daim gözləyirik …

Uşaqkən bir masa arxasında ailəliklə deyib-gülüb əylənmək üçün bayramları , böyüklərin bizə qəhqəhəylə öyrətdikləri dilimizə yatmayan yeni sözcükləri , bizə vermədikləri  tüstü buraxan kağızı  və butulkadakı  qırmızı suyu dadmaq üçün böyüməyimizi gözləyirik …

Böyüyürük … Bəlkə də , sadəcə , boy atırıq … İlk öncə məktəbə gedəcəyimiz günü , sonra ilk  “beş”imizi , məktəbin yenidən  təmir  olunması üçün növbəti ayı , sonra  müəllimlərin  ad günlərini və təqvimdə belə qeyd olunmayan bayramları , bir sözlə  -  daha 4 il oxumaq üçün 11 il bunların hamısını gözləyirik …

Mahiyyətindən çox adına həris olduğumuz tələbəliyi qazanmağımızı gözləyirik … Obyektiv imtahanların obyektiv cavablarını , biliyinin qiymətini almaq üçün taxtabaşların oxuduğu qiymətləri , tələbənin savadını  rəngində əks etdirən diplomun bir işə yaramayacağını bilərək universiteti bitirəcəyimiz günü gözləyirik …

Qız ovunda öndər olmaq üçün əzələlərimizin şişməsini , oğlanları doyduran ideal ölçülü bədən quruluşumuzun formalaşmasını gözləyirik …  Maşın , ev və digər seçimlərdən sonra həyat yoldaşı yox arvad seçimini , “oğlanlar hamısı eynidir” deyib , evdə qalmamaq üçün elə həmin o oğlanlardan birini gözləyirik …

Hər addımda ana–bacılara söz atıb , “bütün ana-bacılarımızı qoruyaq”  andını verdiyimiz günü gözləyirik … Uzaq getməyək , elə orada da gözləyirik – yeməyin içindən çıxacaq olan həşəratları , kişilik imtahanının bəzən ölümcül sınaqlarını , dəyişdiyimiz əsirlərimizi , atəşkəsin növbəti dəfə pozulmasını … gözləyirik …

Hər axşam xəbər bəzəyən xəbərləri gözləyirik …  Kostyumluların hər il təkrarən verilən canlı pafoslarını , maaşların azalıb , qiymətlərin qalxmasını , kimin neçə tükü neçə kağıza əkdirdiyini , qışda qış nağıllarını , yazda yumurta döyüşdürməsini gözləyirik …  Sonra  Fələstinlərə düşən növbəti bombalara , dəhşətli görüntülərə və statistikaya baxmağa ürəyimiz zəif olduğundan kanalı dəyişib , sabah hansı paltarı geyinək deyə hava proqnozunu gözləyirik …

Həyat oyununun növbəti labirintində dolaşıb qalanda , reflektor olaraq Allahı yada salıb , möcüzə gözləyirik … Səsiylə bizi yuxumuzdan edən azanın tez bitməsini , qarşısında baş əydiyimiz fahişələrlə olduğumuz anda isə zamanın durmasını , sonra isə eyni günahları bir daha təkrarlamaq üçün tövbələrimizi gözləyirik … Ürəklə içib zina etmək üçün dinə hörmət məhərrəmliyin çıxmasını , hicablanmaq üçün ədalarımızın xoşagəlməz formaya düşməsini , 24 saatda 24 dəqiqə namaza vaxt tapmayıb , ibadətə başlamaq üçün 60-70 yaşımızı gözləyirik …

Xeyir-şər günümüzə gələn doğmaların nə qədər pul salacaqlarını , onları yada salmaq üçün əlamətdar günləri gözləyirik … Dövlətə QULluğu bitirib , aydan aya gecikən və azalan təqaüdü , həkimin təyin etdiyi ölüm gününü , bütün bunları görərək övladlarımızın da eyni şeyləri gözləyəcəklərini gözləyirik … Ölüm ayağında belə hər şeyi bir anda vərəqləyib , O’ndan daha bir həyat verməyini gözləyirik … Biz gözləyirik , vaxt isə gedir …

Мы никогда не живем настоящим, все только предвкушаем будущее и торопим его, словно оно опаздывает, или призываем прошлое и стараемся его вернуть, словно оно ушло слишком рано. Мы так неразумны, что блуждаем во времени, нам не принадлежащем, пренебрегая тем единственным, которое нам дано.        (Ф.В.Ницше )