6
Fev

Şam işığı …

   Автор: apathy    Категория: Yazdım ki...

şam işığı ...Qarlı–boranlı qış günü … Hava qaralmağa doğru gedirdi … Artıq bir saatdan çox idi ki , pəncərənin qarşısında dikilmişdim … Yerə enən qar dənəciklərinin küləyin ağuşundakı rəqsini çox sevirəm … Elə bu küləyin pəncərənin yarıqları arasından yaratdığı səsi də çox sevirəm uşaqlıqdan, elə qarı da … Onu kim sevmir ki , sadəcə , hərənin buna öz səbəbi var … Mənim səbəbim isə – qar müvəqqəti olsa da , ətrafı bəyazlaşdırır … Özündən sonra zığ–palçıq buraxsa belə , bu çöldə qaçışan düzəltmə palçıqlardan daha xoş və təbii gəlir mənə … Hərə gizlənməyə bir deşik axtarırdı bu küləkli havadan … Onları heç vaxt başa düşməmişəm , özləri yaratdığı qasırğalara adi , amma əsl adi olan təbiətəin bu möcüzələrinə qeyri–adi yanaşırlar … Elə bu mövqeyimə əsaslanıb , bayırdakı mənzərənin dadını çıxartmağa yollandım … Üstümə bir şeylər geyinmək üçün əlimi dolaba uzatmışdım ki , əynimdəkilərin çölə çıxmağa yetərli olduğunun fərqinə vardım … Onsuz da nə fərqi var ki , bəzən içimiz havanın hərarətindən belə soyuq olur …Cansız binalardan uzaqlaşıb , qarın əsl yaraşdığı bir tərəfə yönəldim … İnsan izi olmayan bir yol diqqətimi cəlb etdi … Qulağımda “Gəl gedək” sanki məni elə söz verdiyi utopiyaya aparırdı … Ara sıra dönüb buraxdığım izlərə baxırdım , amma küləyin sürəti ətrafdakı qarı süpürüb izləri doldururdu – 5-6 addım irəliləmiş , onlar demək olar ki , tamamilə itirdi … Həyatımızdan gəlib–gedən insanlara bənzətdim onları bir anlıq … Sən gedərkən hamısı geri çağırır , sən dönərkən isə heç kim qalmır …
Ətraf qaranlıq idi , daha doğrusu , səmanın qardakı əksindən başqa heç bir yerdən işıq düşmürdü … Bu isə lap xoşuma gəlirdi … İnsanların buna niyə qaranlıq dediklərini anlamıram … Onlar üçün işıq ancaq cansız elektrik lampalarından ibarətdirmi ?! Elə bunu düşünürdüm ki , birdən şam yadıma düşdü … Bütün binanın işıqları sönmüşdü , mənə də qayıdarkən şam almağı tapşırmışdılar … Hava da qaralmışdı artıq , demək ki , tələsməliydim … Lənətə gəlsin ! Öz yolumla sakitcə gedirdim – hara getdiyimi bilmirdim , heç hara tələsmirdim , heç kim məni gözləmirdi , üstəlik də , heç bir iz qoymadan irəliləyirdim və bu yolda mən axmaqdan başqa heç kim yox idi , deməli mane olacağım biriləri də yox idi , deməli bu yol mənim idi – bu ən sevdiyim yolculuqdur … Öz–özümə deyinərək ətrafa boylanırdım … Bir maqazin tapıb , şam alıb , evə dönməliydim … Həm də tələsməliyəm , axı evdəkilər qaranlığa öyrəşməyib və hal–hazırda məndən çox , şamın gəlməyini gözləyirdilər …
Uzaqdan yol fənərlərini görüb , maqistral yola tərəf irəliləməyə başladım … Evdən çox uzaqlaşmışdım – bu tərəflər artıq işıqlı idi … tfuu , daha doğrusu , fənərli … Lap gözlərim qamaşdı … Bakının işıqlı gecələri gözəldir deyirlər , amma mənim gözümə hər şey yenə boz görsənirdi … Bəzi fənərlər sıradan çıxmışdı , ətraf tam işıqlanmırdı – ondandı yəqin …
Fikirlərimi gənclərin səs–küyü dağıtdı … Bir anlıq “deyəsən , bu cür gəzintidən xoşlanan tək mən deyiləm “ kimi bir ifadə fırlandı beynimdə … Amma sonra anladım ki , onların bu fəsil üçün daha əyləncəli planları varmış … Qar topu oynayırdılar , bizim uşaqlıqdan tanıdığımız qar topu yox , daha fərqli bir formada – hədəfləri yalnız yoldan ötən maşınlar , avtobuslar , hətta piyada qızlar idi , əlbətdə ki , tək ötənlər … Hər il qar yağdıqda bu mənzərəylə qarşılaşdığımdan , artıq adiləşmişdi gözümdə … Amma bu dəfə düşüncələrim biganə qalmadı … Həmişə düşünürdüm ki , həyatda hər şey dəyişir : fəsillər , insanlar və s. və s. … Bu dəfə isə düşüncələrimin özü dəyişdi , və bu qərara gəldim ki , əslində dəyişən heçnə yoxdur , sadəcə , fəsillər kimi insanlar da bir–birini əvəz edir …
Bu qış qar da mənə qəribə görsənirdi … Bunu sevməsəm də , ona toxunmaq istədim … Niyəsə qar topu düzəltməkdə çətinlik çəkirdim – ya uşaqlıqdan bu yana yadırğamışdım , ya da ki , qar o qar deyildi … Elə bu an Qaraqan fikrimi təsdiqlədi , sanki – “Bəlkə göylərdəkilərin ayaq altındakı tozdu bu” … Trekin məhs bu cür təsadüf etməyi üzümdə affektiv bir təbəssüm oyatdı … Bəlkə də , elə belədir … Görüblər ki , qardan belə düzgün əməllərə istifadə etmirik , bizə bəyaz toz yağdırıblar … Ya da ki , bu da öz tərəqqimizin məhsuludur , biz də qar sanıb hələdə də oynaşırıq …
Göyə baxaraq irəliləyirdim ki , hündür göydələn mənzərəni pozdu … Lənətə gəlsin ! Hər yerdə insanlar ! Bir yaxınımın orada qaldığını xatırladım … Gəlmişkən yolüstü hal – əhval soruşum ki , sonra yenə inciməsin … Kimsə inciməsin deyə bir şeyləri məcburən etməli olmağımız bizi bunun əslində adil bir yalan olduğu haqqda heç vaxt düşündürmür … Çünki başımız cümlənin birinci hissəsinə qarışır ki , başqalarının yaddaşında mələk kimi həkk olunaq … Digər hissəni necə olsa sonra unudarıq , bizdən ki başqa bunu bilən olmayacaq … Əşşi , onsuz da istəsə inciyəcək , istəsə yox ,bunun baş verməsi üçün əsaslı bir səbəb gərəkməz … Hər şey mənzərədən yox , insanların baxışlarından asılıdır … Agac sözü deyərkən , kimsə təzəcə çiçəklənən , kimsə adi yaşıl , kimsə də qurumuş bir payız agacı gətirir gözünün önünə … Həm də evdəkilər məndən şam gözləyir … Bu düşüncələrlə özümə təsəlli tapıb , yoluma davam etdim …
Artıq evə çatmışdım … Hava artıq çoxdan qaralmışdı , şaxta bir az daha sərtləşmişdi , amma uşaqlar hələ də küçədə oynaşırdılar … Aralarında onlara baxıb xatırlanan böyüklər də var idi … Görəsən , qar il boyu hər gün yağsaydı , insanlar ona bu qədər sevinərdimi ? Mən də belə düşünürəm , uşaqlıqda tam əks fikirdə olsam da … Yəqin elə ona görə qar bizim tərəflərdə nadir hallarda görsənir , əks halda insanlar ona sevinmək əvəzinə , taptalayıb tez əriməsini diləyərdilər … Axı hər şeyin geci və azı daha özləmli və şirin olur …
Evə girən kimi hamı şama cumdu … Bir anlıq 21–ci əsrdə elə də böyük bir dəyər kəsb etməyən bu zadın niyə hamının diqqət mərkəzində olmağı məni təəccübləndirdi … Hə , hə , axı işıqlar sönmüşdü , ona görə indi ona ehtiyac vardı … Lap dəli olmuşam , hamısı yol boyu mənə yoldaş olan düşüncələrdəndi … Lənətə gəlsin ! Bir şam dalıyca getmişdim , gör nə mənasız şeylər gəldi ağlıma … Şamı yandırdım … Bir neçə dəqiqə ərzində hamı antikvar bir əşyaymış kimi gözünü ona zillədi … İşıqların yanması sükutu pozdu … Onu söndürməyi belə unudub , hərə bir tərəfə qaçışdı … Şamla tək qaldım … İşığı söndürüb , ona borclu olduğum bu etudu yazdım onun işığında … Uşaqlıqdan bağlıyam şam işığına …

Etud bitdi … Şamı söndürüb , ehmalca şkafa qoydum … Axı bütün işıqlar sönəndə , ona yenə ehtiyac olacaq

Эта запись опубликована Şənbə, Fevral 6th, 2010 в 03:37 и находиться в категории: Yazdım ki.... Вы можите читать эту запись через RSS 2.0 поток. Вы можите оставить комментарий, или поставить trackback на своем сайте.

Оставить комментарий

Имя (*)
Почта (не публикуется) (*)
Сайт
Комментарий