Bugün illər öncə geridə qoyub getdiyim körpəylə qarşılaşdım … Niyəsə , həmişə onunla üzbəüz gəlməkdən çəkinmişəm , amma bunun səbəbini özümə heç vaxt açıqlaya bilməmişəm , qaçmışam daim öyrəşdiyim sualların öyrəşdiyim cavablarından … Amma bu dəfə alınmadı , tənhalığımın təkidi illərdi içimdə gömdüyüm bu körpəni oyatdı … Bu həyatımda ən çox arzuladığım və ən çox qorxduğum görüş idi … Bu nə gunahların cavabı , nə vicdanın dərsi , nə də ki sevdiyin birilərini itirmək qorxusuna bənzəyirdi … Heç arzuya da bənzəmirdi , sanki həyatın boyu xəyallarında yaratdığın birini görmək arzusuyla yaşayırsan , amma eyni zamanda da onunla qarşılaşıb xəyal qırıqlığına uğramaq istəmirsən … Qəribədir , amma həyəcanımı sezib anlayışlı davranmışdı – mənə məktub buraxmışdı … Niyə də qəribə olsun ki , içimdə mənimlə hələ də bir ömür sürəndən başqa kim məni belə anlasın ki …
“ Dünyaya necə gəldiyim yadımda deyil , amma anam deyir ki , atamla o bir–birini sevdi , Allah baba da məni onların sevgisinə hədiyyə olaraq leyləklə göydən göndərdi … Düzdü , gah da dovşan deyirlər , amma ən çox leylək , hə , yəqin elə o gətirib , yəqin budur doğru cavab , axı böyüklər bizə yalan danışmaz heç vaxt , onlar bizi çox sevir … Mən də bir gün böyüyəcəm , mənə də uşaq hədiyyə edəcəklər , mən də onu çox sevəcəm … Tez böyümək istəyirəm … .. .
Sevgi demiş , bu sualı tez-tez verirəm onlara … Buna da cavabları çox vaxt fərqli olur , amma anam o gün dedi ki : “Atanla mən – sevgiyik “ … Anam həmişə atama çay süzəndə birinci dadına özü baxır ki , birdən acı alınar … Atam isə bizə gətirdiyi şirnidən həmişə anama da verir … Deyirlər , böyüyəndə mən də sevəcəm … Ey , dünən anladım ki , mən böyüməmiş də sevirəm … Bax , bu sirri ancaq səninlə bölüşürəm haa , heç kimə demə … Qonşuluqda bir qız var , elə mənim boyda … Anam mənə pendir-çörək düzəldəndə , həmişə tez qaçıb ona aparıram … Çox xoşlayır pendiri , elə mən də ancaq pendiri yeyirəm , ancaq o bilməsin deyə , təkcə çörəyi xoşladığımı deyirəm … Uşaqlarla top oynayanda həmişə mənə baxıb gülümsəyir , sonra utanıb qızların yanına qaçır … Deyəsən o da məni sevir , amma heç vaxt soruşmuram ondan … Görəsən , soruşmalıyam ? Ey , bəlkə sən bilərsən ? Nə isə , həm də ki , axı bu nəyə lazım … Amma bilirəm , o da məni sevir , biz də bir gün bir evdə qalacıq , lap anamla atam kimi … Tez böyümək istəyirəm … .. .
Həyətimizdə mənim boyda çoxlu uşaqlar var … Hər gün yeni oyunlar oynayırıq , bir yerdə çox əylənirik … O gün hamısı balaca maşınlarıyla yarış keçirirdi , mənim isə maşınım yox idi deyə qıraqda durmuşdum … Amma anam deyir ki , onlar mənim dostlarımdı və məni çox istəyirlər … O haqlı idi , atam mənə top alandan sonra onlar hamısı mənimlə oynamağa başladı … Anam deyir ki , mən böyüdükcə dostlarımda çoxalacaq … Tez böyümək istəyirəm … .. .
Dünən göydə sürətlə uçan yekə bir quş gördük … Atam deyir ki , o təyyarədir , quş deyil , amma insanları uçurdur … Müharibədə də istifadə edilirmiş … Müharibə demiş , bilmirdim , bunu da yeni öyrəndim … Əslində pis şeydir : evlər dağılır , uşaqlar ölür , kiminsə atası , kiminsə anası … Əyər belədirsə , onda onlar niyə vuruşur ? Sən bilmirsən ? Hə ? Atam deyir ki , insanlar sülh uğrunda müharibə edir … Elə o gündən kağızdan təyyarə və tapanca düzəltməyi də öyrəndim … Beləcə , uşaqlarla müharibəyə aid yeni oyunlar da kəşf etdik … Amma bir gün əsl təyyarəyə minib , əsl tapanca tutacam … Tez böyümək istəyirəm … .. .
Ey , bilirsən dünən nə oldu ? Bu dəfə qonşunun qızına pendir verəndə anam məni gördü , bir az danladı , amma sonra başa saldı … Beləcə kasıb , varlı və pul deyilən şeyləri öyrəndim … Pulu az olanlar – kasıblarmış , çox olanlar isə varlılar … Pul da ki , onu da təzəcə gördüm , atam işdən gələndə gətirir həmişə – üstündə cürbəcür şəkillər olan kağızlardı , onu çörəyə , pendirə dəyişirlər … Atamdan istədim , vermədi , dedi ki , pulu neyniyirəm , nə istəsəm özü mənə alar … Axı nə bilsin ki , özüm üçün yox , qonşunun qızına görə istəyirəm , bunu deməyə də qorxdum , deyəsən pulu heç kim heç kimə elə-belə vermir … Neyləmək olar , amma pulun şəkilləri yadımda qalmışdı , rəsm çəkməyi də çox sevirəm , bilirsən … Evdəki bütün lazımsız kağızlardan pul düzəltdim , tez ona apardım … Elə istəyirdim ki , o gülsün … Amma əksinə , o ağladı , çünki məndən şəkilli kağız yox , pendir-çörək gözləyirdi … Məni də ağlamaq tutdu , pulları da cırıb atdım , axı o gülməyəndən sonra kimə lazım onlar … Bir gün böyüyüb ona ancaq pendir alacam , özümə də ancaq çörək , qoy həmişə gülsün … Tez böyümək istəyirəm … .. .
Ey , xəbərin var ? Tezliklə məktəbə gedəcəm , hamı ora kitab oxumağa gedir … Atam deyir ki , mən oxuyub böyük adam olacam , sonra mənim də öz şəkilli kağızlarım olacaq , həm də əsilindən , mən yaxşı çəkmirəmmiş … Bu lap əla oldu , deməli mən də bir gün böyüyüb pul dedikləri şeydən gətirəcəm , beləcə qonşunun qızı da daha ağlamayacaq … Elədirsə , tez böyümək istəyirəm … .. .
Amma axır vaxtlar bir az qəribələşmişəm , onlar belə deyir … Anamla atam da dünən dalaşdılar … Deyəsən , ata bu dəfə pul tapmamışdı , ona görə … Yooox , axı anam demişdi ki , atamla o – sevgidir … Yoxsa aldadırmış məni , yoxsa anamla atam – puldur ? Ehhh, görəsən qonşunun qızı da bir gün pula görə mənimlə belə dalaşacaq ? Lənətə gəlsin , yoxsa bunlar hamısı o şəkilli kağızlara görədir ? … .. . O gün əslində necə dünyaya gəldiyimi də öyrəndim … Bizdə qara bir qutu var , içində də əmilər , xalalar var , deyəsən televizor deyirlər adına … Hə , nə isə , bax , oradakı əmiylə xala göstərdi mənə necə olduğumu , leylək də , dovşan da yalan imiş … Axı … demək anam mənə yalan deyib ? Kimə inanım axı mən ? Bəlkə bunlar hamısı leyləyə görədir ? … .. . Bilirsən o gün nə öyrəndim ? Yəqin sən hələ bilmirsən , amma mən də böyüyəndə müharibə edəcəm … Əskərlik deyilən bir şey varmış , hamı böyüyüb əskər olmalıdır … Bunları radiodan eşitdim , elə ona görə də onu sökdüm , bunu deyən əmini axtarırdım , amma yox idi artıq içində … Bəlkə bunlar hamısı müharibəyə görədir ? Elə isə mən ora getmək istəmirəm ! Adamları öldürmək istəmirəm ! Mən müharibə istəmirəm ! … .. . Məktəbə getməyə də həvəsim qalmayıb , qonşunun qızının isə kitablarıyla çantası olmadığından onu buraxmırlar ora … Dostlarım da qalmayıb artıq … Oynayanda topum cırıldı , onlar da mənə küsüb getdilər yenə öz maşınlarıyla oynamağa … Mən də elə o gündən atamın mənə aldığı balaca bellə yanımızdakı dağa pilləkən düzəldirəm , balaca uşaqlar çıxa bilsin deyə , amma hər dəfə böyük uşaqlar onu dağıdır … Ey , hər şey niyə belə dəyişir ? Özü də axır vaxtlar hamı mənə artıq yavaş-yavaş böyüdüyümü deyir … Bəlkə bunlar hamısı elə böyüməyimə görədir ? Hə ? Əyər elədirsə , mən böyümək istəmirəm ! Ey , eşidirsən ? Əyər böyümək budursa , mən böyümək istəmirəm ! Eşidirsən ? Mən balaca qalmaq istəyirəm ! BÖYÜMƏK İSTƏMİRƏM ! ”
Bağışla , balaca , bağışla … Səni eşidib də , eşitmək istədiyin cavabları verə bilmədiyim üçün bağışla … Xəyal etdiyin dünyanı sənə göstərə bilmədiyim üçün bağışla … Sənin ana , ata , dost , qonşunun qızı dediklərini insanlarda tapa bilmədiyim üçün bağışla … Başladığın məktubu istədiyin kimi bitirə bilməyəcəyim üçün məni bağışla …
Uşaqlıqda pəncərədən baxanda gördüyüm tək şey həyətdə qaçışan uşaqlar idi , tez qaçıb oyuna qatılardım … O vaxtdan çox ötüb , pəncərə dəyişməyib , dəyişən görüntüdür … İndi ona baxanda 3 şey görürəm : Pəncərə , Tənha əksim , Çirkin mənzərə …
Ardından YÜKLƏ‘də URAN’a çəkdiyim bir klip … Qeyd : Faylı klikləyib incitməyin , sadəcə baxın … Bəyənməsəz , bilgisayarınızda ”shift-delete” deyilən bir əməliyyat var …
